Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-09-2026 , 23:40

109

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

  Gənc nəslin vətənpərvərlik tərbiyyəsində mədəni irsin rolu

İdeoloji işimizdə tarix və mədəniyyət abidələrinin təbliği mühüm yer tutur. Bu işdə Dövlət və özəl radio və telekanalları, dövri mətbuat,  elmi tədqiqat müəssisələri və geniş ziyalı kütlələri fəal iştirak edirlər.

Tarix və mədəniyyət abidələri haqqında müntəzəm televiziya verilişləri abidələrin təbliğini lazımi qaydada tamaşaçılara çatdırırlar. Televiziya tamaşaçıları da bu verilişləri çox diqqət və marağla izləyirlər.

Bununla yanaşı, Azərbaycanın memarlıq tarixini, incəsənətini və arxeologiyasını, qədim Azərbaycan əlyazmalarının çox zəngin fondunu işıqlandıran bir çox əsərlər, monoqrafiyalar, bukletlər və başqa materiallar nəşr edilməlidir. Hər bir vətənpərvər şəxs öz təşkilati izahat işini elə gücləndirməlidir ki, xalq arxeoloji abidələrə diqqəti artırsın, arxeoloji tədqiqatların nəticələri və yurdumuzun tarixi ilə daha yaxşı tanış olsun, bu abidələrin etibarlı surətdə qorunmasını təmin etsin.

Bununla yanaşı tarixi və mədəniyyət abidələrimizi yaşatmaq üçün ayrı-ayrı memarlıq abidələrini təsvir edən döş nişanları hazırlanmalı, hər bir abidə haqqında müxtəlif  mövzularda sərgilər təşkil etmək, müttəfiq respublikaların tarixi və mədəniyyət abidələrinin öyrənilməsi və onların təcrübələrindən yararlanmaq lazımdır.

Məktəblilər üçün “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə olunması”, “ Gənclərin estetik, vətənpərvərlik və beynəlmiləl tərbiyyəsində  mədəni irsin rolu”, “Abidələrin gənc mühafizəçiləri” və başqa buna oxşar mövzularda inşa yarışmaları müsabiqələri keçirilməsi məqsədə uyğundur.

Bununla yanaşı, hər bir tarixi və yaxud mədəniyyət abidələrinin qorunması üçün məktəblərdə, litseylərdə, kolleclərdə, institut və universitetlərdə maarifləndirmə işləri aparılmalı, hər bir rayon və şəhər məktəbləri arasında tarixi və mədəniyyət abidələri bölüşdürülərək onların mühafizə olunması üçün məktəblilərin iştirakı ilə abidələrin ərazilərini mütəmadi olaraq abadlaşdırılması üçün işlər görülməlidir.

Məktəblilər arasında yuxarı sinif şagirdlərindən ibarət “Abidələrin gənc mühafizəçiləri” dəstələri yaradılmalıdır. Qeyd etmək lazımdır ki, tarix və mədəniyyət abidələrinin təbliğini genişləndirmək üçün məktəblilərdən istifadə imkanları çox məqsədə uyğundur.

Respublikamızda xatirə abidələri də çoxluq təşkil edir. Onlar memarlıq abidələri kimi çox qiymətlidir. Lakin çox vaxt tufeyli həyat tərzi sürən ayrı-ayrı adamlar orada dəfn olunan şəxslərin “Müqəddəsliyi” haqqında müxtəlif uydurmalar yayaraq sadəlöv adamaları aldadır və həmin abilərdən tamah məqsədilə istifadə etməyə çalışırlar. Bu iş əsasən o abidələr üzərində aparılır ki, onlar haqqında əhalinin kifayət qədər məlumatı yoxdur. Odur ki, bu işlə məşğul olan aidiyyəti orqanlar, mədəni-maarif işçiləri, tarixçilər, mətbuat orqanları birlikdə abidələr haqqında əhali arasında geniş izahat işi aparmalı və bununla da gələcək nəsillərə bu günün və keçmişdən yadigar qalmış abidələri qorumalıdırlar.

Azərbaycan tarix və mədəniyyət abidələri haqqında çox cildli rəngli albomun nəşri də nəzərə alınaraq çap olunmalıdır. Abidələrin mühafizəsi işində gənclərin, iş adamlarının, idarə və təşkilatların köməyi olmalıdır. Məktəblərdə abidələri sevənlər klubları və dərnəkləri yaradılmalı, onlar vasitəsi ilə tarix və mədəniyyət abidələrini təbliğ etməli və böyüməkdə olan nəsli dövlətimizin müstəqilliyi və əbədiyyəti ruhunda tərbiyyə etdirilməlidir. Tarix və mədəniyyət abidələrinin mühafizəsi həmişə dövlətin ideoloji iş sahəsindəki fəaliyyətinin tərkib hissəsi olmalıdır.

Azərbaycan xalq sənətinin son dərəcə kamil nümunələri olan sərdabələr, məqbərələr, abidələr, qalalar, saraylar, binalar və məişətdə işlənən cürbəcür maraqlı şeylər çoxdur. Bütün bunları qoruyub saxlamaq  çox vacib mədəni işdir. Bununla belə, etiraf etməliyik ki, bəzi yerlərdə bu abidələrin qiymətini və əhəmiyyətini başa düşmürlər və düşmək belə istəmirlər. Onları nəinki küləyin, qarın, yağışın, təbii fəlakətlərin təsirindən qorumurlar, hətta geridə qalmış mədəniyyətsiz adamların, mal-qaranın təxribatından da mühafizə etmirlər.

Vaxtlı-vaxtında təmir olunmayan, uçulub dağılan, rəngini, naxışlarını, tarixi yazılarını itirən abidələrimiz də var.  Ziyalıların, mədəniyyət, dövlət və digər təşkilatlarda çalışan işçilərin yaşadıqları, fəaliyyət göstərdikləri yerlərdə memarlıq, mədəniyyət abidələrini daimi nəzarət altında saxlamağı, qorumağı özlərinə vətəndaşlıq borcu bilməlidirlər. Axı bütün sənət abidələri xalqın həm tarixinin şahidləri, danışan dilidir, həm də xalqın inkişafı üçün, tərəqqisi üçün, yeni nəslin tərbiyyəsi üçün lazımdır.

İnsanların vətənpərvərlik, humanizm ruhunda tərbiyyəsində, mənəvi tərbiyyədə tarixi abidələrin bütün növlərinin  böyük rolu var. Həmin abidələr vasitəsilə xalqlar tarixinin bir çox qaranlıq, sirli, düyünlü cəhətlərini öyrənir.

Tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, istifadəsi və təbliği sahəsində dövlət və ictimai təşkilatların fəaliyyəti son dərəcə genişləndirilməlidir. İndi bu iş əhalinin və dövlətin əsas vəzifələrinə, ilk növbədə, gənc nəslin vətənpərvərlik tərbiyyəsinə xidmət etməlidir. Ona görə ki, abidələr hər xalqın maddi və mədəni həyatını, əməksevərliliyini və istedadını, öz milli azadlığı uğrunda əsrlər boyu apardığı mübarizənin tarixini əks etdirən canlı şahiddir.

Azərbaycan torpağı  tarix və mədəniyyət abidələri ilə zəngindir. Bunlar çox qədim dövrlərdən bəri yaranıb Azərbaycan tarixinə aid biliyimizi zənginləşdirən, özünün bacarıqlı, cəsarətli tədqiqatçılarını gözləyən müxtəlif yerüstü və yeraltı abidələrdir. Şəhər və kəndləri gəzib-gördükcə, tariximizin açılmaz səhifələrini öyrəndikcə ulu babaların yaratdıqlarına heyran qalırsan. Onları müasir nəsillərə tanıtmaq və qoruyub yaşatmaq üçün bizi hələ nə qədər gərgin və geniş miqyaslı işlər gözlədiyini düşünmək lazımdır.

Vətənimizin tarixinə dair yeni səhifələr açmaq, ulu babalarımızın gözəl yadigarlarını gələcək nəsillər üçün qoruyub saxlamaq, şəhər və kəndlərimizdə yaranmış tarixi - mədəni mühitin saflığına çalışmaq, insanlarımızda vətənpərvərlik hissləri və bədii zövqi tərbiyyə edən gözəllikləri bərpa edib artırmaq bizdən mənəvi yüksəliş, mənəvi zənginlik tələb edir. Odur ki, tarixi – mədəni irsə münasibət yeni meyarda ölçülməli, bu günki tələblər səviyyəsində qiymətləndirməlidir.

Açıq deməliyik ki, abidələrimizin öyrənilməsi və aşkara çıxarılması, mühafizə və istifadə olunması, bərpa və təbliğ edilməsi sahəsindəki fəaliyyətimiz bizi qətiyyən razı sala bilməz. İşimizin bu istiqamətləri üzrə geniş əlaqələndirmə tədbirləri görülməlidir, həm də kompleks plan əsasında, ardıcıl surətdə.

Ölkəmizdə təbliğat – təşviqat işinin genişləndirilməsi üçün gənclərimizin əməyindən geniş istifadə olunmalıdır. Bu tədbir gənclərimizi xalqın tarixi mədəni irsinin qorunub saxlanılması rolunda vətənpərvərlik həyatına cəlb edər, onların vətənə, xalqa sədaqət ruhunda yetişməsinə güclü təsir göstərər.

İnsanların estetik tərbiyyəsində, asudə vaxtının səmərəli və mənalı təşkili istiqamətində cəmiyyətin imkanlarından hərtərəfli istifadə etməliyik. Abidələrimiz haqqında maraqlı mühazirə və söhbətlərin təşkili, bədii əsərlər yaradılması, mətbuatda yazılar dərc edilməsi, televiziya və radio ilə müntəzəm verilişlərin təşkili, vaxtaşırı sərgilər düzəldilməsi qarşıda duran prioritet məsələdir.

Gəlin bu abidələr haqqında xalq arasında yaşayan rəvayətləri ətraflı öyrənək, bir zamanlar elimizin azadlığıni və istiqlaliyyətini  qorumuş, vaxtı ilə cavan, hazırda isə qoca abidələrimizi indi də biz qayğı ilə qoruyaq. Bununla da, biz öz tariximizin  gözəl səhifələrini, qəhrəmanlığımızın və zəhmətsevərliyimizin şahidlərini qoruyub saxlayaq və onları baxımlı və durumlu vəziyyətdə gələcək nəsillərə çatdırarıq.

Əziz dostlar, qoy bizim hamımızın ürəyi xalqımızın tarixinə, mədəniyyətinə, memarlıq və sənət abidələrinə məhəbbətlə döyünsün. Qoruyaq onları – keçmişimizin canlı şahidlərini. Bu hissi evdə də, məktəbdə də, ictimai həyatda da gənc nəslə aşılayın.

 

Samir  Zülfiyev

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi  yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
753

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
811

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
767